۞ وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ جَنَّٰتٍۢ مَّعْرُوشَٰتٍۢ وَغَيْرَ مَعْرُوشَٰتٍۢ وَٱلنَّخْلَ وَٱلزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُۥ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُتَشَٰبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍۢ ۚ كُلُوا۟ مِن ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَءَاتُوا۟ حَقَّهُۥ يَوْمَ حَصَادِهِۦ ۖ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ
Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!
Yer üzünə sərilmiş, talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bostanları, dadları və zahiri görünüşü müxtəlif meyvəli xurma və dənli bitkiləri, yarpaqları bir-birinə bənzəyən, dadları isə bir-birindən fərqli olan zeytunu və narı yaradan pak olan Allahdır. Ey İnsanlar! Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun zəkatını verin, lakin yedikdə və xərclədikdə şəri hüdudları aşmayın. Allah bu və digər işlərdə Onun hüdudlarını aşanları sevməz, əksinə belə kimsələrə qəzəblənər. Bunların hamısını yaradan, bu nemətləri qullarına halal edən Allahdır. Müşriklərin bunları haram etməyə heç bir haqqı yoxdur.