فَهَزَمُوهُم بِإِذْنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلْمُلْكَ وَٱلْحِكْمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍۢ لَّفَسَدَتِ ٱلْأَرْضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضْلٍ عَلَى ٱلْعَٰلَمِينَ
Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.
Allahın izni ilə onları məğlub etdilər. Davud, onların başçıları Calutu öldürdü. Allah ona hökmranlıq və peyğəmbərlik bəxş etdi, ona istədiyi müxtəlif növ elmlər öyrətdi (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) və dünya və axirətdə ona fayda verən xeyirləri onun üçün çəm etdi. Əgər Allah bəzi insanların fəsadını digərləri ilə dəf etməsəydi, yer üzü fəsad törədənlərin əməllərindən viran qalardı. Lakin Allah bütün bəşəriyyətə qarşı lütfkardır.