Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Borcla müamilə etdiyiniz zaman, müəyyən bir müddətədək bir-birinizə borc verdikdə, onu yazın. Qoy bunu aranızda bir katib haqq, vicdan və şəriətə müvafiq qayda da yazsın. Katib borcu Allahın ona öyrətdiyinə müvafiq və ədalətlə yazmaqdan imtina etməsin. Qoy o, borc alan adamın şəxsi təsdiqi ilə olması üçün onun dediyini yazsın. Rəbbi olan Allahdan qorxsun və borcun dəyərindən, növündən və keyfiyyətindən heç bir şey azaltmasın. Əgər borc alan adam özü yaza bilmirsə və ya dəli və kiçik olduğu üçün zəifdirsə yaxud lal olduğuna görə yazdırmağa qadir deyilsə, və s. buna oxşar hallar olarsa, qoy onun himayədarı onun yerinə borcu ədalət və vicdanla yazdırsın. Aranızdakı kişilərdən iki nəfər ağıllı və ədalətli şahid tutun. Əgər iki kişi olmazsa, dinindən və əxlaqından razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, əgər qadınlardan biri unutduqda, bacısı onun yadına salsın. Şahidlər borca görə şahidlik etməyə çağırıldıqda, şahid olmaqdan imtina etməsinlər. Şahid olduqları işi əda etmək üçün dəvət olunsalar, bu zaman şahid olduqlarını gəlib xəbər vermələri onlar üzərində bir haqqdır. Borcun az və ya çox olmasından aslı olmayaraq, onun müəyyən etdiyiniz qaytarılma vaxtını yazmaqdan bezməyin. Borcu yazmağınız, Allahın şəriətində daha ədalətli, şahidlik etmək və etdikdən sonra olduğu kimi xəbər vermək üçün daha düzgündür və borcun növündə, miqdarında və qaytarma müddətində şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız öz aranızda nağd alıb və qiymətini də nağd ödədiyiniz ticarət bundan istisnadır. Ehtiyac olmadığı təqdirdə bunu yazmamağınız isə sizin üçün günah deyildir. Mübahisəyə səbəb ola biləcək işlərin qarşısını almaq məqsədi ilə alış-veriş etdikdə şahid tutmaq sizə qanun edilmişdir. Katiblərə və şahidlərə zərər vermək və həmçinin onlardan katiblik və şahidlik etmələrini tələb edən kimsələrə zərər vermək caiz deyildir. Əgər siz onlara zərər versəniz, şübhəsiz ki, bu sizin, Allahın taətindən çıxıb Ona qarşı asilik etmənizdir. Ey Möminlər! Allahın əmrlərini yerinə yetirməklə və qadağanlarından çəkinməklə Ondan qorxun! Allah dünya və axirətdə sizə mənfətli olan şeyləri öyrədir. Allah bütün işləri biləndir və Ona heç bir şey qizli qalmaz!