وَإِذَا طَلَّقْتُمُ ٱلنِّسَآءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍۢ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًۭا لِّتَعْتَدُوا۟ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُۥ ۚ وَلَا تَتَّخِذُوٓا۟ ءَايَٰتِ ٱللَّهِ هُزُوًۭا ۚ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ وَمَآ أَنزَلَ عَلَيْكُم مِّنَ ٱلْكِتَٰبِ وَٱلْحِكْمَةِ يَعِظُكُم بِهِۦ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ
Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!
Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yaxınlaşdığı zaman onları ya şəriətə müvafiq qayda üzrə qaytarın, ya da müvafiq qayda üzrə rici talaq etmədən gözləmə müddəti bitənə qədər buraxın. Cahillik dövründə etdikləri kimi qadınlara təcavüz etmək və zərər vurmaq məqsədilə onları qaytarmayın. Kim bunu qadına zərər vermək məqsədi ilə etsə, nəfsini günaha və əzaba məruz qoyduğu üçün özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmaq və ayələrə qarşı cürət etməklə istehza etməyin. Allahın sizə olan nemətlərini və bu nemətlərin ən əzəmətlisi olan, sizə nazil etdiyi Quran və Sünnə nemətini yadınıza salın. Allah bu nemətləri sizin Ona ümid və qorxu ilə ibadət etməniz üçün yadınıza salır. Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah hər şeyi bilir, Ona heç bir şey gizli qalmaz və Allah etdiyiniz əməllərin müqabilini də verəcəkdir.