وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
Yusifi satın alan misirli kişi öz arvadına: "O bizim yanımızda olduğu müddətcə ona yaxşı bax, ona hörmət et. Ola bilsin ki, o, ehtiyacımız olan işlərdə bizə fayda versin, yaxud onu özümüzə oğulluğa götürək" – dedi. Biz Yusifi ölümdən qurtarıb, onu quyunun dibindən çıxardığımız kimi Misir padşahının Əziz ləqəbli vəzirinin qəlbini ona qarşı yumuşaq etdik və beləliklə də Biz Yusifə yuxu yozmağı öyrətmək üçün onu Misirdə yerləşdirdik. Allah Öz əmrini yerinə yetirməyə qadirdir. Allahın verdiyi əmr mütləq yerinə yetər. Kimsə Onu əsla hər hansı bir şeyə məcbur edə bilməz. Lakin insanların çoxu -onlar kafirlərdir- bunu bilməzlər.