لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌۭ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ ۗ مَا كَانَ حَدِيثًۭا يُفْتَرَىٰ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ
(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!
Peyğəmbərlərin, onların ümmətlərinin həmçinin Yusifin və onun qardaşlarının rəvayətlərində sağlam ağıl sahiblərinin ibrət almaları üçün öyüd-nəsihətlər vardır. Quranda, Allah adından yalan və ya uydurulmuş bir kəlam əsla ola bilməz. Lakin o, Allah tərəfindən nazil edilən səmavi kitabları təsdiqləyən, şəri əhkamlardan və hökmlərdən qulların açıqlamasına ehtiyac duyulan hər şeyi təfsilatlı bir şəkildə izah edən, hər bir xeyirə yönəldən və ona iman gətirən qövmə bir rəhmərdir. Çünki məhz bu kimsələr, Quranda olanlardan faydalanan kimsələrdir.